ABŞ Prezidenti Donald Tramp Türkiyədən ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Sammitin məhsuldar keçdiyini və bir çox mühüm məsələnin həll olunduğunu bildirən Donald Tramp Vaşinqtonun uzun illərdir ittifaq daxilində ədalətsiz maliyyə yükü daşıdığını, lakin bu görüşdə Avropa müttəfiqlərinin müdafiə xərclərini artırmaq barədə güzəştə getdiklərini vurğulayıb. İclasda birlik və həmrəylik ruhunun müşahidə olunduğunu deyən ABŞ lideri iştirakçıların artıq ABŞ-ın mövqeyini anladıqlarını qeyd edib. Türkiyə ilə münasibətlərə də toxunan Donald Tramp rəsmi Ankara ilə çoxsaylı ticarət müqavilələrinin imzalandığını qeyd edib. Türkiyənin çox yaxşı tərəfdaşa çevrildiyini vurğulayan Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdəki fəaliyyətini yüksək qiymətləndirib.
Sammit çərçivəsində keçirdiyi ikitərəfli görüşlər haqqında da məlumat verən Donald Tramp Suriya və Ukrayna liderləri ilə danışıqların müsbət keçdiyini diqqətə çatdırıb. Suriya Prezidenti Əhməd əl-Şəraanın ölkəsini birləşdirmək istiqamətində əla işlər gördüyünü deyən ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə də çox səmərəli görüş keçirdiklərini bildirib.
Jurnalistlərin ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları ilə bağlı suallarını cavablandıran Donald Tramp rəsmi Tehrana sərt mesajlar ünvanlayıb. İran tərəfinin ABŞ-yə hər hücumuna adekvat cavab veriləcəyini bildirən prezident ötən gecə də eyni addımın atıldığını vurğulayıb. Hərbi cəhətdən artıq qalib gəldiklərini və İranın əlində çox az imkanın qaldığını irəli sürən Donald Tramp qarşı tərəfin son hərəkətlərini "dəlilik’’ adlandırıb. O, İranın bağlanan hər hansı bir müqaviləyə sadiq qalacağına əmin olmadığını və əsas problemin bu etibarsızlıqdan mənbələndiyini qeyd edib. ABŞ prezidenti İran məsələsinin bir müharibə deyil, regionun və sözügedən ölkənin nüvə silahından təmizlənməsi prosesi olduğunu vurğulayıb.

















