Bir çiçək təsəvvür edin. Şeirlərə mövzu olmuş, rəsmlərə həkk edilmiş, ətirlərə ilham vermişdir. Qoxusu bir şəhərin adı ilə eyniləşmiş, rəngi isə məhəbbətin rəmzinə çevrilmişdir. Bəli, təxmin etdiyiniz kimi, qızılgüldən bəhs edirik.
Lakin bu gün sizə qızılgülün heç də görməyə vərdiş etmədiyimiz bir tərəfindən bəhs edəcəyik. Mövzumuz, qızılgülün bir qida məhsulu kimi istifadə edilməsi haqqındadır. Akdeniz Universitetinin müəllimi Şeyma Nur Günəşin mütəxəssis rəyləri ilə zənginləşən və Uğur Beceriklinin "TRT Haber" kanalı üçün qələmə aldığı məqaləsindən hazırladığımız mətni sizlərə təqdim edirik.
Qızılgül "Rosaceae" bitki ailəsindən olan qədim bir çiçəkdir. Onun yüzlərlə təbii növü, minlərlə calaq edilmiş çeşidi var. Türkiyədə də bir çox növü yetişir: ağ qızılgül, "Çıtırık" qızılgülü, itburnu, "Yediveren", yerli çəhrayı qızılgül, şilan və təbii ki, dünyanın dörd bir yanında tanınan İsparta qızılgülü.
İsparta şəhəri sanki bu çiçəklə eyniləşib. Hər il burada festivallar keçirilir, tarlalar çəhrayı rəngə bürünür. Lakin qızılgülün əhəmiyyəti artıq yalnız landşaft və kosmetika ilə məhdudlaşmır. Son illərdə qastronomiya aləmi də qızılgülü kəşf edir.
Şeyma Nur Günəş qızılgülün insanları bu qədər uzun müddət cəlb etməsinin bir neçə əsas səbəbi olduğunu bildirir. Məlumata görə, bunlar damaqda iz qoyan aromatik quruluş, təqdimatı gözəlləşdirən xarici görünüş və o tayı-bərabəri olmayan qoxusudur. Bunlarla yanaşı, tərkibindəki fenol və bioloji aktiv birləşmələr sayəsində sağlığa verdiyi töhfələr də qızılgülü cəlbedici edir.
Bəs qızılgül mətbəxdə necə istifadə olunur? Şeyma Nur Günəşin cavabı son dərəcə əhatəlidir: Qurudulmuş şəkildə un məmulatlarında və şirniyyatlarda, gül suyu şəklində içəcəklərdə, təzə ləçəklər şəklində təqdimatlarda və faydalı, təbii bir rəngləndirici kimi də istifadə olunur. Türk mətbəxində isə mürəbbə, rahat-lokum, şərbət, hoşaf, güllac, məcun və aşurə yeməyində əsrlərdir yer alır.
Qızılgülün sağlığa faydaları da kifayət qədər diqqətçəkəndir. Şeyma Nur Günəş bu barədə belə deyir: "Yüksək antioksidant aktivliyi və bioloji aktiv komponentləri ilə qızılgül qidalanma baxımından dəyərli və yeməli bir çiçəkdir. Ayrıca, rahatladıcı təsirə malik qoxusu sayəsində stress, baş ağrısı, yuxu pozuntuları kimi psixoloji narahatlıqlara qarşı da istifadə olunur. İnsanlar çox qədim zamanlardan etibarən qızılgülün sağlığa faydalarını kəşf edib və müxtəlif xəstəliklərə qarşı bitki tərkibli dərman kimi istifadə ediblər. Həmçinin qızılgülün məcunu, şərbəti, mürəbbəsi, güllabı, ətir yağı, balı və bu kimi məhsullar Osmanlı dövründə gündəlik və tibbi məqsədlərlə hazırlanaraq istifadə edilmişdir.”
İndiki mənzərəyə baxdıqda istehlakçıların yemək vərdişlərini yenidən kəşf etməyə başladığını bildirən Şeyma Nur Günəş onların yeni dadlar sınamağa meyil etdiyini vurğulayır. O, bu vəziyyətin qızılgülü həm ənənəvi, həm də yenilikçi mətbəxlərə daxil etdiyini qeyd edir:
“Sosial medianın və resept paylaşımlarının artması ilə güllü reseptlər də çoxaldı. Restoranlarda istifadəsi hər keçən gün artır. Təbii məhsulların olduğu bazarlarda satışı genişlənir. Qızılgül dondurması, kökəsi, ləçəkləri ilə örtülmüş rahat-lokumlar və s.… Həm ləzzəti, həm də görünüşü ilə süfrələri bəzəyir. Sadece aromatik xüsusiyyətlərinə görə deyil, eyni zamanda vizual olaraq də üstünlük verilir. Qurudulmuş gül ləçəkləri ilə bükülmüş rahat-lokum və ya içəcək və şirniyyatların təqdimatında quru gül ləçəklərinin istifadəsi buna misal göstərilə bilər.”
Son olaraq bunu da qeyd edək ki, Türkiyədə yeganə yeməli çiçək qızılgül deyil. Qabaq çiçəyi, lavanda, bənövşə, çobanyastığı, zəncirotu, xatmi və nar çiçəyi də qastronomiyada istifadə olunan növlər arasındadır. Lakin hər çiçək yeməli deyil. Mütəxəssislər tərəfindən məsləhət görülməyən və dəqiq bilinməyən çiçəklərdən uzaq durmaq məsləhətdir.
Bəlkə gələn dəfə bir qızılgülü qoxlayarkən, onu təkcə bir çiçək kimi görməyəcəksiniz. Onu minlərlə illik bir ləzzət və şəfa ənənəsinin daşıyıcısı kimi hiss edəcəksiniz.



























