Suriya ABŞ administrasiyasının ölkəni "terroru dəstəkləyən ölkələr’’ siyahısından çıxarmaq qərarını alqışlayıb və bunu ikitərəfli münasibətlərdə "əhəmiyyətli irəliləyiş" adlandırıb. Suriya Xarici İşlər Nazirliyin yaydığı bəyanatda bildirilib ki, sözügedən addım Dəməşq-Vaşinqton əlaqələrində dialoq, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan yeni bir mərhələnin başlanğıcıdır. Rəsmi Dəməşq həmçinin qeyd edib ki, bu qərar sanksiyaların tamamilə aradan qaldırılmasından sonra ölkə iqtisadiyyatının bərpası üçün gözləntiləri artıracaq, yenidənqurma prosesini asanlaşdıracaq, beynəlxalq ticarət və investisiya axınını təşviq etməklə yanaşı, regional təhlükəsizlik və sabitliyə də mühüm töhfə verəcək. Nazirlik sülh, inkişaf və rifah naminə Vaşinqtonla əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bəyan edib.
ABŞ dövlət katibi Marko Rubio iyulun 8-də Prezident Donald Trampın Suriyanı sözügedən qara siyahıdan çıxarmaq niyyəti barədə Konqresi rəsmi olaraq məlumatlandırdığını təsdiqləyib.
Dövlət katibi sanksiyaların ləğvinin beynəlxalq ticarətin canlanmasına imkan verəcəyini, Suriyanın yenidənqurulmasına şərait yaradacağını və ölkə üçün yeni bir səhifə açacağını vurğulayıb.
Qeyd edək ki, bu bəyanat Donald Trampın Ankarada keçirilən NATO sammiti çərçivəsində Əhməd əl-Şəraa ilə görüşündən sonra səsləndirilib.
















