Türkiyə Respublikası Milli Müdafiə Nazirliyindən verilən məlumata əsasən, rəsmi Ankara ilə Paris rəhbərliyi arasında hərbi əməkdaşlıq fəaliyyətləri çərçivəsində yüksəksəviyyəli təmaslar baş tutub.
Bu çərçivədə Fransa Silahlı Qüvvələr naziri Alis Rufo, Fransa ordu generalı Vinsent Jiro və Beynəlxalq Əlaqələr və Strateji Baş İdarənin rəisi Giylom Olanye ilə hərtərəfli danışıqlar aparılıb.
Görüşdə ikitərəfli müdafiə və hərbi əlaqələrin mövcud vəziyyəti, eləcə də strateji dialoq prosesləri nəzərdən keçirilib. Tərəflər müdafiə sənayesi və hərbi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını qiymətləndiriblər. Eyni zamanda, müntəzəm və nəticəyönümlü təmasların davam etdirilməsinin vacibliyi qarşılıqlı olaraq təsdiqlənib.
Təmasların ən mühüm nəticəsi isə "Müdafiə Əməkdaşlığı Yol Xəritəsi"nin imzalanması olub. Bu addımın iki ölkə arasında müdafiə əməkdaşlığını daha yüksək səviyyəyə qaldıracağı gözlənilir. Həmçinin strateji dialoqu institusional çərçivəyə salmaq hədəflənir.
Sözügedən imza son dövrdə Türkiyə və Fransa liderləri tərəfindən verilən qarşılıqlı müsbət mesajların müdafiə sahəsində konkret əməkdaşlığa çevrildiyini nümayiş etdirib. Yol xəritəsi ilə iki ölkənin qarşılıqlı maraqlarına əsaslanan strateji əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, regional təhlükəsizlik məsələlərində daha sıx dialoq mexanizminin işlədilməsi məqsəd qoyulur.




















