Ukraynadakı səngər döyüşlərindən İranın ballistik raket təhdidinə qədər uzanan geniş təhlükəsizlik spektri NATO-nun üzləşdiyi mühitin getdikcə daha çox cəbhəli və gözlənilməz xarakter aldığını ortaya qoyub.
Müttəfiq liderlər 7-8 iyul tarixlərində Ankarada bir araya gəldikdə, transatlantik alyansın strateji prioritetlərini rəsmi doktrinaların uyğunlaşa biləcəyindən daha sürətlə yenidən formalaşdıran, bir-biri ilə iç-içə keçmiş müharibələr və dərinləşən geosiyasi qırılmaların kölgəsində müzakirələr aparmağı hədəfləyəcəklər.
Sammit Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dördüncü ilinə qədəm qoyduğu, ABŞ və İsrailin İrana qarşı son hərbi əməliyyatlarının Yaxın Şərqdəki qeyri-sabitliyi daha da dərinləşdirdiyi və müttəfiqlərin ölkə daxilindəki iqtisadi təzyiqlərə rəğmən müdafiə xərclərini artırmaq barədə getdikcə güclənən tələblərlə qarşılaşdığı kritik bir dövrdə keçirilir.
NATO Parlamentar Sammiti çərçivəsində iyunun 29-da İstanbulda görüş keçirən NATO-ya üzv ölkələrin parlament sədrləri Ankarada təşkil olunacaq liderlər sammiti ərəfəsində müdafiə investisiyalarının artırılması, müttəfiqlər arasında daha güclü koordinasiyanın təmin edilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və alyans daxilindəki birliyin möhkəmləndirilməsi çağırışını ediblər.
Alyansın genişlənməsinə və ya NATO-nun strateji baxışının yenidən müəyyənləşdirilməsinə yönələn əvvəlki sammitlərdən fərqli olaraq, Ankara sammitinin gündəliyində icra prosesinin yer alacağı gözlənilir. Sammitdə iddialı siyasi öhdəliklərin konkret hərbi imkanlara çevrilməsi prioritet gündəm maddəsi olacaq.
Həmin çərçivədə müdafiə sənayesi istehsal potensialının artırılması, NATO-nun çəkindiricilik mövqeyinin gücləndirilməsi, Ukraynaya uzunmüddətli hərbi dəstəyin davam etdirilməsi və Şərqi Avropadan Yaxın Şərqə qədər uzanan və sürətlə dəyişən təhlükəsizlik mühitinə uyğun addımların atılması önə çıxan başlıqlar sırasında yer alacaq.
Sammitdən öncə açıqlamalar verən Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın müttəfiqlərin təcrübələrini bölüşə biləcəkləri "ən güclü platformanı" təqdim edəcəyini bildirərək, getdikcə daha mürəkkəb hal alan qlobal təhdidlərə effektiv şəkildə cavab verə biləcək "şərtsiz" bir təhlükəsizlik əsaslarının qurulması çağırışını edib.
Prezident Ərdoğan iyunun 29-da Almaniya Kansleri Fridrix Merts ilə reallaşdırdığı telefon danışığında da NATO-nun bir çox dairələr tərəfindən yeni strateji dövrə qədəm qoyduğunun qiymətləndirildiyini qeyd edərək, Avropanın müdafiə potensialının gücləndirilməsi və "transatlantik əlaqənin" qorunması üçün müttəfiqlərin güclü bir qətiyyət nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Sammit ərəfəsində Türkiyəyə səfər edən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə Ankaradakı görüşü alyans baxımından "tarixi" bir dönüş nöqtəsi kimi xarakterizə edib. Transatlantik münasibətlərin təzyiq altında olduğu bir dövrdə NATO-nun birlik və bərabərlik mesajı verməli olduğunu deyən Kallas sammitdə müdafiə istehsalının artırılması, çəkindiriciliyin gücləndirilməsi və "Ukrayna üçün daha nələrin edilə biləcəyinin" müzakirə olunacağını ifadə edib. Kallas, həmçinin birgə hərbi imkanlara yönəlmiş investisiyaların artırılması çağırışını irəli sürüb.
Strateqiyadan icraya
Türkiyə Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunun Beynəlxalq Əlaqələr üzrə professoru Mehmet Özkanın fikrinə görə, Ankara sammiti NATO-nun keçirdiyi transformasiya baxımından bir dönüş nöqtəsini ifadə edir.
Mehmet Özkan "TRT World"ə verdiyi müsahibədə deyib: "Ankara sammiti genişmiqyaslı strateji yenidənqurma platformasından çox ilk növbədə qəbul edilmiş qərarların həyata keçirilməsinə yönəlmiş bir icra sammiti kimi qiymətləndirilməlidir.
Artıq əsas məsələ yeni bir təhdidi müəyyənləşdirmək və ya NATO-nun strateji konsepsiyasına yenidən nəzər salmaq deyil. Əsas prioritet müdafiə xərcləri, müdafiə sənayesi istehsalı və hərbi imkanların inkişaf etdirilməsinə dair öhdəliklərin praktiki icrasına keçilməsidir.
Alyans özünün əsasları ilə Soyuq müharibədən sonrakı ikinci transformasiya prosesinə qədəm qoyur. Bu prosesdə NATO kimliyini xarici təhdidlər üzərindən formalaşdıran yanaşmadan uzaqlaşaraq, uzunmüddətli çəkindiriciliyi dəstəkləyə biləcək dayanıqlı bir müdafiə sənayesi infrastrukturunun qurulmasına yönəlir”.
Brüsseldəki Avropa Parlamentində xarici siyasət eksperti kimi fəaliyyət göstərən Marian Duris isə sammitin əsas gündəliyini icra prosesinin təşkil edəcəyi fikri ilə ümumən razılaşsa da, NATO-nun daha əhatəli strateji məsələləri gündəmdən kənarda qoya bilməyəcəyini müdafiə edir.
Duris "TRT World"ə verdiyi açıqlamada deyib: "Bu sammitin əhəmiyyəti nümayişkaranə bəyanatlardan deyil, mövcud vəziyyətin düzgün qiymətləndirilməsindən, mümkün gələcəyin proqnozlaşdırılmasından və ortaya qoyulan siyasətlərin həyata keçirilə bilməsindən qaynaqlanır.
Sammitin əsas gündəm maddələri arasında çəkindiricilik planlaması, yükün bölüşdürülməsi, müdafiənin maliyyələşdirilməsi və NATO-nun gələcəkdə izləyəcəyi strateji istiqamətin müəyyən edilməsi yer alır.
Daha çox pragmatizmə, daha az təşvişə və hərtərəfli strateji yenidən qiymətləndirməyə ehtiyac var. Bəzi siyasətçilərin hələ də 20-ci əsrin sonlarında formalaşmış geosiyasi fərziyyələrin təsiri altında qaldı, buna müqabil yeni təhlükəsizlik təhdidləri yaranmağa davam edir”.
Müdafiə xərcləri və müdafiə sənayesi potensialı
Sammitin əsas hədəflərindən biri müttəfiqlərin 2035-ci ilə qədər ÜDM-in (Ümumi Daxili Məhsul) 5 faizini müdafiəyə yatırmağı qəbul etdiyi, ənənəvi müdafiə xərclərini infrastruktur, dayanıqlılıq və hərbi hərəkətlilik xərcləri ilə birləşdirən NATO-nun iddialı yeni müdafiə investisiya çərçivəsinin icrasına başlamaq olacaq.
Bununla belə, hər iki ekspert alyansın gələcək effektivliyinin maliyyə öhdəliklərindən çox bu investisiyaların konkret hərbi imkanlara çevrilib-çevrilməyəcəyindən asılı olacağı fikrini bölüşürlər.
Özkan "Ukraynaya verilən dəstəyin dayanıqlılığı getdikcə yalnız siyasi bəyanatlara deyil, həm də sənaye potensialından asılı olacaq” deyirlər.
Mehmet Özkan Avropa hökumətlərinin illərdir Kiyevə verdikləri dəstəkdən sonra maliyyə təzyiqləri, siyasi məhdudiyyətlər və ictimaiyyətdə artan yorğunluqla qarşılaşdığına diqqət çəkib. Bu səbəbdən NATO-nun hərbi dəstəyi uzunmüddətli perspektivdə dayanıqlı etmək məqsədilə müdafiə istehsalını institusionallaşdırmağa və müdafiə sənayesi istehsal potensialını artırmağa yönəldiyini qeyd edib.
Duris isə təhlükəsizliyin yalnız müdafiə xərcləri hədəfləri üzərindən qiymətləndirilməməsi barədə xəbərdarlıq edib. "Təhlükəsizlik yalnız müdafiə xərcləri sahəsində məhdud edilə bilməz" deyən Duris "Təhlükəsizlik siyasətləri coğrafi reallıqları, sənaye potensialını və real təhdidlərin düzgün şəkildə müəyyən edilməsini də əks etdirməlidir", -ifadələrini işlədib.
Ukrayna NATO-nun həlledici sınağı olmaqda davam edir
Yaxın Şərqdə artan qeyri-sabitliyə rəğmən, Ukrayna alyansın mərkəzi strateji prioriteti olaraq qalacaqdır.
Rusiyanın Ukraynada başlatdığı müharibədən dörd ildən çox vaxt keçdikdən sonra NATO liderlərinin Kiyevə uzunmüddətli hərbi dəstəyi necə davam etdirəcəklərini və Avropa miqyasında artan siyasi və iqtisadi təzyiqləri necə idarə edəcəklərini müzakirə edəcəkləri gözlənilir.
Lakin Ukraynaya dəstəyi sürdürmək siyasi cəhətdən getdikcə daha mürəkkəb hal alır. İctimaiyyətdəki bezginlik, iqtisadi məhdudiyyətlər və Avropa daxilində dəyişən daxili siyasət hökumətlərin hərbi yardımı müddətsiz olaraq davam etdirib-etdirə bilməyəcəyi barədə sualları gündəmə gətirib.
Özkanın fikrincə, Avropa miqyasında artan maliyyə məhdudiyyətləri, daxili siyasi təzyiqlər və ictimaiyyətdə getdikcə daha qabarıq nəzərə çarpan bezdiricilik fonunda NATO-nun müvəqqəti yardım paketlərinə güvənmək əvəzinə müdafiə istehsalını institusionallaşdırması hər zamankından daha vacib hala gəlib.
Durisə görə isə daxili siyasət Avropa hökumətlərini getdikcə daha çox məhdudlaşdıra bilər. "Uzun sürən müharibənin gətirdiyi bezdiricilik hər yerdə hiss olunur", -deyən Duris bir çox Avropa təsisatının Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu, lakin iqtisadi təzyiqlər artdıqca seçilmiş hökumətlərin artan daxili müqavimətlə üzləşdiyini qeyd edib.
Bu səbəbdən Ankarada bir araya gələcək liderlərin qarşısındakı əsas sual NATO-nun Ukraynaya dəstəyini davam etdirib-etdirməyəcəyi deyil, alyansın bu dəstəyi uzunmüddətli perspektivdə təmin edə biləcək sənaye infrastrukturunu və siyasi potensialını yarada bilib-bilməyəcəyi olacaqdır.
İran məsələsi NATO-nun cənub cinahını yenidən gündəmə gətirdi
Ukrayna NATO üçün ən həlledici hərbi çağırış olaraq qalsa da, ABŞ və İsrailin İrana qarşı son dövrdə həyata keçirdiyi birgə hərbi əməliyyat alyansın strateji gündəmini genişləndirib. Rusiya-Ukrayna müharibəsi NATO-nun şərq cinahında dominantlıq etməyə davam edərkən, Yaxın Şərqdəki qeyri-sabitlik alyansın cənub cinahındakı təhdidlərin artıq ikinci dərəcəli hesab edilə bilməyəcəyinə dair narahatlıqları gücləndirib.
İran NATO-nun rəsmi əməliyyat zonasından kənarda yer alsa da, bu münaqişə Yaxın Şərqdəki qeyri-sabitliyin enerji bazarları, dəniz ticarət yolları, miqrasiya, kibertehdidlər və daha genişmiqyaslı regional gərginlik riski vasitəsilə alyansın təhlükəsizliyinə birbaşa təsir göstərdiyinə dair narahatlıqları kəskinləşdirib.
Bu münaqişə dünyanın ən qeyri-sabit bölgələrindən birinə qonşu olan, həm Qərb müttəfiqləri, həm də regional güclərlə dialoqunu qoruyub saxlayan Türkiyənin NATO daxilindəki strateji əhəmiyyətini daha da qabardıb.
"NATO-nun cənub cinahı böyük ehtimalla ciddi diqqət mərkəzində olacaq. Yaxın Şərqdəki qeyri-sabitlik Avropanın təhlükəsizlik qayğıları ilə getdikcə daha çox kəsişir. Enerji təhlükəsizliyi, miqrasiya təzyiqləri, regional münaqişələr və İranla bağlı gərginliklər NATO üzvlərinə birbaşa təsir edir", -deyə Özkan bildirib.
Lakin Özkan bu dəyişikliklərin nəticə etibarilə NATO-nun əsas prioritetlərini dəyişdirməkdən çox tamamlayıcı xarakter daşıyacağına inanır. Özkanın fikrincə, "Sammitin həlledici mövzusu yenə də sənayeləşmə və çəkindiricilik olacaq. Cənub cinahı gündəliyi ayrıca bir regional məsələ kimi deyil, daha çox NATO-nun daha böyük dayanıqlılıq, hazırlıq və müdafiə istehsalı potensialına duyduğu ehtiyacın arxasındakı hərəkətverici qüvvələrdən biri kimi müzakirə ediləcək".
Marian Duris də bənzər şəkildə İranla yaşanan münaqişənin NATO-nun geosiyasi hesablamalarını əhəmiyyətli dərəcə dəyişdiyinə inanır. Duris "Yaxın Şərqdəki ümumi vəziyyət bəzi ölkələri NATO-nun cənub cinahına daha çox diqqət yetirməyə sövq edir. Çünki buradakı qeyri-sabitlik enerji bazarları, dəniz yolları, gərginliyin artması riskləri, miqrasiya təzyiqləri, kibertehdidlər və daha genişmiqyaslı strateji qeyri-müəyyənliklər vasitəsilə birbaşa nəticələr doğurur", -deyib.
Bu narahatlıqları NATO-nun Rusiya və Ukraynaya yönəlmiş diqqəti ilə tarazlaşdırmaq, yəqin ki, sammitin ən həssas siyasi çətinliklərindən biri olacaq.
Türkiyənin bir sənaye gücü kimi artan nüfuzu
Sammitə ev sahibliyi etmək Türkiyənin NATO-nun inkişaf edən müdafiə-sənaye ekosistemində artan əhəmiyyətini də əks etdirir.
Prezident Ərdoğan sammitdən əvvəlki prosesdən alyans həmrəyliyinin müttəfiqlər arasındakı müdafiə ticarəti məhdudiyyətlərinin ləğv edilməsini və Türkiyənin Avropa müdafiə təşəbbüslərinə daha geniş şəkildə inteqrasiya olunmasını əhatə etməli olduğunu vurğulamaq üçün istifadə etdi.
Ərdoğan həmçinin NATO-nun gündəliyinin Ukraynadan da kənara çıxaraq Yaxın Şərq, Qəzza və İrandakı qeyri-sabitlikləri və alyansın cənub cinahının üzləşdiyi daha genişmiqyaslı çağırışları da əhatə etməli olduğunu irəli sürdü.
Bu prioritetlər Ankaranın özünü təkcə NATO-nun cənub-şərq dayağı kimi deyil, həm də əvəzedilməz bir müdafiə istehsalçısı və strateji tərəfdaş kimi mövqeləndirmək yönümündəki daha geniş hədəfini nümayiş etdirir.
Mehmet Özkan "NATO müdafiə istehsalına, tədarük zəncirlərinə və sənaye dayanıqlılığına getdikcə daha çox üstünlük verdikcə, Türkiyənin genişlənən müdafiə sənayesi potensialı mühüm bir aktivə çevrilir. Alyans rəqabətədavamlı müdafiə istehsalçılarını özünün inkişaf etməkdə olan sənaye arxitekturasına inteqrasiya edir", -deyə qeyd edib.
Duris isə sammiti Türkiyənin daha geniş geosiyasi əhəmiyyətinin tanınması kimi görür. "Türkiyə Avropa, Qara dəniz bölgəsi, Aralıq dənizi və Yaxın Şərqin kəsişməsində unikal coğrafi və siyasi mövqeyə malikdir" deyib.
Durisin fikrincə, "Bu təsadüfi deyil. Bu, milli maraqlara uyğun olaraq çoxsaylı strateji əsasları birləşdirən mövcud Türk rəhbərliyinin şüurlu, uzunmüddətli və diqqətli bir strategiyasıdır. Müdafiə sənayesi və texnologiya sahəsində bu, nəzərəçarpacaq və sürətli bir böyümə təmin etmişdir".
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kallas da Türkiyənin artan strateji əhəmiyyətini vurğulayaraq, ölkəni güclü müdafiə sənayesinə malik olan, NATO-nun ikinci ən böyük ordusu və Avropa təhlükəsizliyi ilə regional sabitlik məsələsində "çox, çox mühüm rol" oynayan bir dövlət kimi xarakterizə edib. Kallas Türkiyənin Yaxın Şərq, Qafqaz və Qara dəniz bölgəsindəki təsirini nəzərə alaraq, Ankara ilə daha sıx işbirliyinin həyati əhəmiyyət kəsb etdiyini bildirib.
NATO daxilində böhran yoxdur
Xarici təhlükəsizlik təhdidlərindən kənarda, Ankara sammitində NATO-nun öz daxilindəki fikir ayrılıqları da müzakirə olunacaq.
ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyasının alyans daxilində yükün bölüşdürülməsini yenidən ön plana çəkməsi və müttəfiqlərə "qarşılıqlı münasibət" çərçivəsində yanaşması Avropanın strateji muxtariyyəti ilə bağlı müzakirələri yenidən alovlandırıb. Eyni zamanda ABŞ və İsrailin İrana qarşı son dövrdə başlatdığı müharibəyə Avropanın fərqli reaksiyaları NATO daxilində təhdid qavrayışlarının və milli prioritetlərin nə dərəcədə fərqləndiyini ortaya qoyub.
Özkanın fikrincə, konsensusun qorunması hazırda NATO-nun ən böyük çətinliyi ola bilər. "NATO-nun Soyuq müharibədən sonrakı təcrübəsindən çıxarılan ən mühüm dərslərdən biri odur ki, alyansın ən böyük çətinliyi heç vaxt xarici təhdidlər deyil, onlara necə reaksiya veriləcəyi barədə daxili konsensusu qoruyub saxlamaq bacarığıdır", -deyə professor qeyd edib.
Özkan müdafiə-sənaye əməkdaşlığına verilən önəmin, təkcə ortaq təhdid qavrayışlarından çox bölüşdürülən iqtisadi və sənaye maraqlarına əsaslanan yeni bir alyans uyğunlaşması yaratmaq cəhdi olduğunu müdafiə edib. O, Türkiyənin rəqib düşərgələrdən birinə qoşulmaq əvəzinə, alyansın birliyini vurğulayaraq fərqli bölgələr arasında dialoqu qoruyub saxlaya bilən praqmatik bir balanslaşdırıcı aktyor kimi mövqelənəcəyini gözlədiyini ifadə edib.
Duris də bugünkü fikir ayrılıqlarının görünməmiş xarakter daşıdığı barədə iddiaları rədd edərək, "NATO daxilindəki münasibətlər heç vaxt tamamilə harmonik olmayıb", -deyə bildirib.
Trampın ritorikası əvvəlki ABŞ administrasiyalarının yanaşmasından daha çox maraqlara əsaslanan kimi görünsə də, Duris fundamental fərqliliklərin NATO daxilindəki köklü bir böhrandan çox bir-biri ilə rəqabət aparan milli maraqları əks etdirdiyini müdafiə edib. Durisə görə, "İrana qarşı aparılan müharibə bu gün NATO-dakı gərginliklərin bir çoxunun əsas qaynağıdır. Bir çox Avropa lideri bu münaqişəyə o qədər də müsbət yanaşmır. Bu, nəticə etibarilə müəyyən aktyorların maraqları ilə bağlı bir məsələdir".
Analitiklərin fikrincə, Ankaradakı sammitdə aparılacaq müzakirələr bu səbəbdən müdafiə xərcləri və hərbi potensial hədəflərindən daha kənara çıxacaq. Bu vəziyyət NATO-nun şərq və cənub cinahlarında eyni vaxtda yaşanan böhranlarla üz-üzə qaldığı bir dövrdə, üzvləri arasında getdikcə müxtəlifləşən milli maraqları və strateji prioritetləri uzlaşdıraraq siyasi harmoniyanı qoruyub saxlayıb-saxlaya bilməyəcəyini də sınaqdan keçirəcək.




















