Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə qələmə aldığı "AK Partiya: Xalqla birlikdə yazılmış 25 illik yenidənqurma hekayəsi" başlıqlı məqaləsi Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə"də dərc olunub.
Dövlət başçısı məqaləsində 14 avqust 2001-ci ildə "Artıq Türkiyədə heç nə əvvəlki kimi olmayacaq" şüarı ilə yola çıxdıqlarını xatırladaraq, keçən 25 ilin ölkə üçün tarixi yenidənqurma dövrü olduğunu bildirib. Ərdoğan vurğulayıb ki, bu müddətdə demokratik legitimlik möhkəmlənib, dövlətin xidmət qabiliyyəti artıb və cəmiyyətin bütün təbəqələrinin ictimai həyatda iştirakı təmin edilib. O, təhsildən səhiyyəyə, nəqliyyatdan enerjiyə və şəhərsalmaya qədər qoyulan investisiyaların bu dəyişikliyin konkret təməlini təşkil etdiyini diqqətə çatdırıb.
Müdafiə sənayesi və qabaqcıl texnologiya sahəsində atılan addımlarla xarici asılılığın əhəmiyyətli dərəcədə azaldığını qeyd edən Türkiyə lideri pilotsuz uçuş aparatları, "KAAN" milli qırıcı təyyarəsi, döyüş gəmiləri, hava hücumundan müdafiə sistemləri, "TOGG" avtomobili, Kosmik Proqram, nüvə enerjisi investisiyaları və Qara dəniz təbii qazının bu uğurların simvoluna çevrildiyini bəyan edib. Ərdoğan qarşıdakı dövrdə süni intellekt, yarımkeçiricilər və enerji texnologiyaları sahəsində yeni sıçrayışların reallaşdırılacağını vurğulayıb.
Xarici siyasət məsələlərinə də toxunan Prezident Türkiyənin dəyişən beynəlxalq sistemdə təsirli aktyorlardan birinə çevrildiyini, NATO, G20 və İslam Əməkdaşlıq Təşkilatındakı fəal mövqeyi ilə regional sülhə töhfə verdiyini bildirib. O, "Dünya beşdən böyükdür" çağırışının BMT daxil olmaqla bütün beynəlxalq təşkilatlarda yalnız bir neçə böyük dövlətin deyil, bütün ölkələrin daha ədalətli təmsil olunmasını hədəflədiyini diqqətə çatdırıb. Ərdoğan məqaləsini AK Partiyanın 25 illik təcrübəsi ilə "Türkiyə əsri" hədəfinə doğru islahat iradəsini canlı saxlayaraq qətiyyətlə irəliləyəcəklərini qeyd edərək yekunlaşdırıb.























