Belçikanın xarici işlər naziri Maksim Prevo Türkiyənin Avropanın təhlükəsizlik sahəsindəki rolunu vurğulayaraq iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək istəyini ifadə edib.
Bu barədə mayın 7-də “Anadolu” agentliyinə danışan M.Prevo deyib: “Türkiyənin yer almadığı hər hansı Avropa təhlükəsizlik məsələsinin müzakirə edilmə imkanı yoxdur.” Türkiyənin illər ərzində iqtisadi sahədə inkişaf etdiyini və həyat standartlarını yaxşılaşdırdığını bildirən M.Prevo Türkiyənin artıq “hər zamankindən daha çox” strateji geosiyasi aktor olduğunu ifadə edib.
M.Prevo Belçika ilə Türkiyə arasındakı köklü tərəfdaşlığa diqqət çəkərək Osmanlı İmperiyası ilə 1838-ci ildə imzalanan ilk dostluq müqaviləsini xatırladıb. O, Belçikanın bir çox Avropa ölkəsindən xeyli əvvəl İstanbulda sultanın sarayında təmsil olunduğunu qeyd edib.
İqtisadi missiya
Nazir M.Prevo Belçika kraliçası Matildanın rəhbərliyi ilə 10-14 may tarixlərində Türkiyəyə həyata keçiriləcək işgüzar səfərin əhəmiyyətini vurğulayıb. O, bu səfəri ticarət, təhsil və institusional istiqamətlərdə tərəfdaşlığı gücləndirmək üçün yaxşı fürsət kimi qiymətləndirib.
Səfər çərçivəsində Türkiyəyə təxminən 400 nəfərin gələcəyini bildirən M.Prevo deyib: “Ticarət əməkdaşlığımızın səviyyəsini artırmaq məsələsində kifayət qədər qətiyyətliyik. Bu, prioritet hədəflərimizdən biridir”. O, həmçinin sosial təminat, nəqliyyat, liman idarəçiliyi, logistika, aviasiya və müdafiə sahələrində təxminən 40 sazişin imzalanacağını açıqlayıb.
M.Prevo əlavə olaraq deyib: “Türkiyə Belçikanın Avropa İttifaqı xaricindəki beşinci ən böyük ixrac bazarıdır. Buna görə də bizim üçün çox şey ifadə edir.”
İnvestisiya və əməkdaşlıq imkanları
Türkiyə şirkətlərinin Belçikada daha çox investisiya qoymalı olduğunu vurğulayan M.Prevo xüsusilə biofarmasevtika sektoru kimi sahələrdə imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. Müdafiə sənayesinə də toxunan M.Prevo deyib: “Müdafiə sektorundan danışsaq, Türkiyənin son on ildə 300 faiz böyüdüyünü bilirik. Bu, həqiqətən, çox mühümdür.”
O, həmçinin limanların dibinin dərinləşdirilməsi işlərinin enerji keçidi, dənizdə yerləşən ofşor sənaye və rəqəmsal aktivlər üçün yeni imkanların yaradılmasının vacibliyini vurğulayıb.
NATO və Avropa İttifaqı prosesi
Türkiyənin Rusiya və Çinlə birlikdə Avropa üçün “cilovlanması və ya məhdudlaşdırılması” lazım olan ölkələr arasında görülüb-görülmədiyi barədə suala cavab verən nazir M.Prevo rəsmi Ankaranı bu kontekstdə digərləri ilə eyni cümlədə işlətməyin “qəribə” olduğunu bildirib.
M.Prevo deyib: “Türkiyə NATO müttəfiqidir. Eyni zamanda Avropa İttifaqına üzvlük üçün namizəd ölkədir. Buna görə də Türkiyə cilovlanması və ya məhdudlaşdırılması lazım olan ölkə deyil.” O, həmçinin rəsmi Ankara ilə Avropa İttifaqı arasındakı Gömrük İttifaqının modernləşdirilməsinin vacib olduğunu bildirərək belə qiymətləndirmə aparıb: “2026-cı ilin ortaq iqtisadi çağırışlarını otuz il əvvəlki çərçivə ilə həll edə bilmərik.”
“Qaydalara əsaslanan nizam”
Təhlükəsizlik kontekstində Türkiyənin strateji tərəfdaşlıq roluna diqqət çəkən M.Prevo Ukrayna ilə bağlı aparılan vasitəçilik səylərinə və ABŞ-İsrailin İranla gərginliyi fonunda Yaxın Şərqdəki mövqeyinə işarə edib.
M.Prevo bildirib ki, İranda və onun ətrafında baş verənlərin beynəlxalq hüquqa zidd olduğunu düşünür və Türkiyənin də bu məsələdə qaydalara əsaslanan nizama ehtiyac olduğunu dilə gətirdiyini bildirib. O, çoxtərəfliliyin müdafiəsi və ərazi bütövlüyünə hörmət məsələlərində Türkiyəni “oxşar mövqedə olan ölkə” kimi xarakterizə edib.
Rəsmi Ankaranın NATO müttəfiqi kimi xüsusi əhəmiyyətinə də toxunan M.Prevo deyib: “Siz ittifaqın cənub-şərq bölgəsinin qoruyucususunuz. Buna görə də Türkiyənin bütün strateji resurslarının qlobal potensialını görmək həqiqətən çox vacibdir. Gələcək nəsillər üçün iqtisadi inkişaf şəraitini formalaşdırmaq və yeni körpülər qurmaq naminə birlikdə gücləndirəcəyimiz çox şey olduğunu düşünürəm.”






