Türkiyənin ev sahibliyi ilə Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində nazir Murat Kurumun sədrliyi ilə 100-dən çox ölkədən nazirlərin iştirak etdiyi Divan toplantısı Mavi Zonadakı “Boğaziçi” zalında baş tutub.
Yekun qərar müzakirələri ərəfəsində dialoqu inkişaf etdirmək və razılaşmaya zəmin hazırlamaq məqsədilə təşkil olunan 4 saatlıq iclasda çıxış edən M.Kurum sammitin konkret, əhatəli və icra oluna bilən yol xəritəsi ortaya qoymasını təmin edəcək addımların dialoq yolu ilə irəliləyəcəyinə diqqət çəkib.
COP31 müddətində 1,5 dərəcə hədəfini əlçatan saxlamağın, iqlim risklərinə qarşı dayanıqlığı gücləndirməyin və icranı sürətləndirməyin əhəmiyyətinin müzakirə edildiyini bildirən Murat Kurum bunun üçün maliyyələşmənin, texnologiyanın və potensialın artırılması imkanlarının real ehtiyaclarla uzlaşmasının vacibliyini qeyd edib.
Ölkələrin inkişaf prioritetlərinin və milli şəraitlərinin də bu prosesin əsas ünsürləri sırasında yer aldığına işarə edən Kurum sözlərini belə davam etdirib:
“Bu səbəbdən sizə daha əvvəl ünvanladığımız sualı bir daha təkrarlamaq istəyirəm. COP31 olaraq, ölkələrin öz şəraitlərinə və prioritetlərinə hörmət göstərməklə yanaşı, bu günün tələb etdiyi güclü mesajı necə verə və icraya yönəlmiş aydın bir yol xəritəsini necə ortaya qoya bilərik? Sizdən 3 məsələ üzrə açıq dəyərləndirmələr eşitmək istəyirik: Hansı addımı ata bilərsiniz? Bu addımı ata bilmək üçün nəyə ehtiyacınız var? Başqa bir nümayəndə heyətinin hansı təklifinə dəstək verə bilərsiniz? Bir ölkənin ehtiyac duyduğu addım başqa bir ölkənin dəstək verməyə hazır olduğu sahə ilə üst-üstə düşə bilər. Bunu yalnız bir-birimizlə açıq danışdıqda görə bilərik. Ona görə də təkcə öz mövqeyinizi izah etməyinizi istəmirəm. Başqa bir nümayəndə heyətindən eşitdiyiniz və üzərində ortaq məxrəcə gələ biləcəyinizi düşündüyünüz təklif varsa, onu da açıq şəkildə ifadə edin”.
“Hamımız birlikdə edə biləcəklərimizi məsləhətləşək”
Bu gün keçirilən toplantının yekun qərar sessiyasından əvvəl razılaşma üçün fürsət yaratdığına toxunan Murat Kurum buradakı fikirlərin həftənin qalan günlərindəki Sədrlik məsləhətləşmələrinə işıq salacağını deyib.
Kurum tərəflərin yaxınlaşdığı sahələrlə fikir ayrılıqlarının davam etdiyi məqamların açıq şəkildə ortaya qoyulmasının zəruriliyini vurğulayaraq, mövcud mövqeləri təkrarlamaq əvəzinə, birgə hərəkət edilə biləcək sahələrə fokuslanmağın vacibliyinə diqqət çəkib.
Yekun qərar layihəsi barədə də məlumat verən Kurum bir çox ölkənin ortaq iradəni gücləndirmək məqsədilə layihəyə dəstək verdiyini və bu istiqamətdə gözləntilərini dilə gətirdiyini bildirib.
Ortaq bir zəmində görüşmək istədiklərini qeyd edən Kurum belə davam edib:
“Hamımızın məqsədi Paris Sazişinin 1,5 dərəcə hədəfinə sadiq qalmaq şərti ilə icranı sürətləndirmək, tətbiqi daha ön plana çıxarmaqdır. Burada həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr əslində razılıq içərisindədirlər. Problem nədir? Problem prioritetlərdir, problem ölkələrin inkişaf prioritetləridir. Bu çərçivədə də razılığa gələ biləcəyimizə inanıram və COP31 Sədrliyi olaraq sizdən bu razılığı təmin etməyinizi gözlədiyimizi ifadə edirəm. Burada, bu dost məclisində açıq-aşkar danışaq. Hamımız birlikdə edə biləcəklərimizi məsləhətləşək. Qərar layihəsini sizinlə bölüşəcəyik. Bu qərarla bağlı yenidən rəylərinizi istəyəcəyik. Yekun qərarı siyasi sabitliyin, təəssüf ki, yox olmaq təhlükəsi ilə üzləşdiyi bir dövrdə həyata keçirmək istəyirik”.
“Antalyada gələcəyə istiqamət verən güclü icra qərarları qəbul edilməsini istəyirik”
COP31-dən gözləntilərindən də danışan Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Antalyada qəbul edilən ortaq qərarlarla gələcəyə qalıcı bir miras qoymağı hədəflədiklərini və prosesin əvvəlindən etibarən açıq və şəffaf bir yanaşma ilə hərəkət etdiklərini vurğulayıb.
“Burada gəlinən mərhələdə inkişaf etməkdə olan ölkələrin maliyyələşmə məsələsindəki gözləntilərini ödəyə biləcək ifadə üzərində razılığa gəlmək istəyirik. Yəni yeni bir öhdəlik gözləmirik, yeni bir qərar gözləmirik, amma bu öhdəliklərin yerinə yetirilə bilməsi məsələsində o mənalı, qətiyyətli sözü eşitmək istəyirik”, -deyən M.Kurum bütün ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli mövqe nümayiş etdirməli olduğunu söyləyib.
COP31 müddətində komanda ruhu ilə hərəkət etdiklərini deyən Murat Kurum deyib: “COP31-in son günlərinə yaxınlaşarkən Divanın ruhunu burada yaşadaq, bir-birimizi eşidək, ortaq zəmini böyüdək və mümkün olanı konkretləşdirək. Görüşümüzün sonunda biz də öz şərhlərimizi verəcəyik. Burada səslənən rəylər çərçivəsində də yekun qərarla bağlı artıq son tamamlama işlərini aparacağıq”.
Nazir M.Kurum Divanda səsləndirilən heç bir fikrin zalda qalmayacağını, təkliflərin danışıqlar prosesinə, yekun qərara mümkün qədər əks olunacağını və üzərində ortaq məxrəcə gəlinən məsələlərin Antalyada formalaşacaq qərar mətnlərində konkret hədəflər, icra oluna bilən addımlar və nəzarətdə saxlanılan öhdəliklər çərçivəsində ortaya qoyulacağını ifadə edib.
Naliyyət meyarının təkcə əldə olunan razılaşma deyil, həmin razılaşmanın yaradacağı real dəyişiklik olduğunu vurğulayan M.Kurum bunları deyib:
“Biz məhz buna görə bu Divanı təşkil etdik. Burada hər birimizin təklifi bizim üçün bu mənada çox qiymətlidir. Türkiyə olaraq COP31 sədrliyinin qlobal iqlim diplomatiyasına istiqamət verən ortaq iradəni konkret nəticələrə çevirmək məsuliyyətini avstraliyalı dostlarımızla birlikdə üzərimizə götürürük. Biz prosesi izləyən deyil, istiqamətləndirən, razılaşmanı gözləyən deyil, razılaşmanın zəminini quran bir sədrlik anlayışı ilə hərəkət etdik. Son günə qədər də belə olacaq. Bu yanaşma ilə Antalyada güclü bir razılıq ortaya qoymaqda qərarlıyıq. Hədəfimiz aydındır: Antalyadan təkcə güclü mesajlar deyil, gələcəyə istiqamət verən güclü icra qərarları çıxarmaq istəyirik”.






















