Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün nəzərdə tutulan kredit proqramının ikinci və üçüncü icmalları ilə bağlı maliyyə zəmanətləri təmin ediləcəyi təqdirdə, 1,6 milyard dollarlıq razılaşmanın əldə olunması istiqamətində mühüm irəliləyiş qeydə alındığını bildirib.
Fonddan verilən açıqlamada Qevin Qreyin rəhbərlik etdiyi BVF nümayəndə heyətinin ukraynalı rəsmilərlə 8,1 milyard dollarlıq 4 illik Genişləndirilmiş Fond Mexanizmi (EFF) proqramının ikinci və üçüncü icmalları üzrə səmərəli danışıqlar apardığı qeyd olunub.
Danışıqların yaxın perspektivdə işçi heyəti səviyyəsində razılaşma əldə etmək məqsədilə onlayn formatda davam etdiriləcəyi bildirilən açıqlamada bu səviyyədə razılaşma üçün zəruri olan siyasi öhdəliklər üzrə ortaq məxrəcə gəlmək istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyi vurğulanıb.
Açıqlamada Ukraynanı dəstəkləmək və müharibənin gözləniləndən daha uzun sürməsi səbəbindən yaranan əlavə maliyyə ehtiyaclarını ödəmək məqsədilə maliyyə zəmanətlərinin təmin olunması üçün beynəlxalq tərəfdaşlarla təmasların davam etdirildiyi qeyd olunub. Həmçinin BVF mütəxəssislərinin 2027-ci ildə 32–34 milyard dollar, 2028-ci ildə isə 17 milyard dollar məbləğində maliyyə kəsirinin yaranacağını proqnozlaşdırdığı bildirilib.
Proqram çərçivəsində göstəricilərin birinci icmaldan bəri yaxşılaşdığı vurğulanan açıqlamada bu dinamikanın davam etdirilməsinin vacibliyi ifadə edilib.
Açıqlamada mövcud göstəricilərin rəsmilərin sentyabrın sonundan etibarən bütün kəmiyyət icra meyarlarına cavab verdiyini göstərdiyi qeyd olunub.
İqtisadi proqnozlarda aşağı istiqamətli yenilənmə
Getdikcə ağırlaşan təhlükəsizlik vəziyyətinə, iqtisadi infrastruktura artan hücumlara və müharibənin 2027-ci ilə qədər davam edəcəyi ehtimalına toxunulan açıqlamada birinci icmaldan bəri iqtisadi proqnozların bu amilləri əks etdirəcək şəkildə aşağı istiqamətdə yeniləndiyi bildirilib.
Açıqlamada “Hökumətin makroiqtisadi sabitliyi və ümumi dayanıqlılığı qorumaq səylərinə baxmayaraq, müharibənin əhaliyə və iqtisadiyyata ağır zərbələr vurmaqda davam etməsi səbəbindən perspektivlər son dərəcə qeyri-müəyyən olaraq qalır” qiymətləndirməsi yer alıb.
Nümayəndə heyətinin rəhbəri Qrey danışıqlara dair dəyərləndirməsində “Maliyyə zəmanətlərinin təmin olunmasından asılı olaraq, bu icmal prosesi daha sonra BVF İcraçı Direktorlar Şurasının təsdiqinə təqdim ediləcək və bu da Ukraynanın təxminən 1,6 milyard dollar məbləğində vəsait əldə etməsinə imkan yaradacaq” ifadəsini işlədib.























