DÜNYA
3 dəqiqə oxuma
BMT: Suriyada yenidənqurma işlərinin xərci 216 milyard dollar olaraq təxmin edilir
BMT Baş katibinin Suriya üzrə xüsusi səfirinin müavini Klaudio Kordone ölkədə zərər görmüş...
BMT: Suriyada yenidənqurma işlərinin xərci 216 milyard dollar olaraq təxmin edilir
BMT: Suriyada yenidənqurma işlərinin xərci 216 milyard dollar olaraq təxmin edilir / AP (Wire)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Suriya üzrə xüsusi səfirinin müavini Klaudio Kordone ölkədə zərər görmüş fiziki aktivlərin bərpasının 216 milyard dollara başa gələcəyini bildirərək, iqtisadi dirçəliş və yenidənqurma üçün beynəlxalq dəstəyin artırılmasının vacibliyini vurğulayıb.

Suriyada Əsəd rejiminin devrilməsinin 2-ci ildönümünə yaxınlaşdıqca siyasi keçid, iqtisadi dirçəliş və təhlükəsizlik sahələrində mühüm addımların atıldığını qeyd edən Kordone, lakin daha çox iş görülməsinə ehtiyac olduğunu dilə gətirib.

Kordone “Sürətli iqtisadi dirçəliş Suriyanın keçid dövrünün sabitliyi üçün son dərəcə vacibdir. Dünya Bankı təkcə zərər görmüş fiziki aktivlərin yenidən qurulması xərcini 216 milyard dollar həcmində qiymətləndirir” deyərək Suriyanın davamlı beynəlxalq dəstəyə ehtiyacı olduğuna diqqət çəkib.

Bu ehtiyacların dövlət maliyyələşdirilməsi, inkişaf yardımları və özəl sektor investisiyalarını əhatə etdiyini bildirən Kordone sanksiyaların yumşaldılmasının, regional və beynəlxalq əməkdaşlığın artmasının iqtisadi dirçəlişi sürətləndirə biləcəyini də vurğulayıb.

Kordone yenidənqurma işlərinin yalnız infrastruktur investisiyalarından ibarət olmadığına işarə edərək qadınların, qeyri-hökumət təşkilatlarının və zərər çəkmiş icmaların yerli prioritetlərin müəyyənləşdirilməsində söz sahibi olmasının vacibliyini qeyd edib.

Suriyanın suverenliyinə qarşı pozuntular narahatlıq doğurur

İsrailin Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hərbi fəaliyyətlərinin davam etdiyini bildirən Kordone İsrail qüvvələrinin bölgədəki hərbi əməliyyatlarının, müvəqqəti nəzarət-buraxılış məntəqələrinin, saxlanılmaların, artilleriya atəşlərinin, kənd təsərrüfatı və su infrastrukturuna vurduğu zərərlərin mülki əhali üçün ciddi fəsadlar törətdiyini vurğulayıb.

Kordone İsrailin oktyabrın 21-də Dəranın qərbindəki Cəmlə kəndinə endirdiyi zərbələr zamanı əlil bir şəxsin öldürülməsini pisləyərək Colan təpələrindəki 1974-cü il tarixli Qüvvələrin Ayrılması haqqında Sazişin pozulmasına son qoyulması və Suriyanın suverenliyinə tam hörmət göstərilməsi çağırışını təkrarlayıb.

Suriyanın regional münaqişələrə cəlb edilməməsinin vacibliyini vurğulayan Kordone ölkənin keçid prosesinə, iqtisadi dirçəlişinə və yenidən qurulmasına fokuslanmasının əhəmiyyətinə diqqət çəkib.

Suriyada 2,4 milyon insanın qış yardımlarına ehtiyacı var

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) fövqəladə hallar üzrə rəsmisinin müavini Məhəmməd Yəhya da 2024-cü ilin dekabrından bəri təxminən 4 milyon suriyalının könüllü olaraq öz evlərinə qayıtdığını, lakin buna baxmayaraq, 730 mindən çox insanın hələ də düşərgələrdə yaşadığını deyib.

Yəhya Suriyada qış fəslinin yaxınlaşması ilə təxminən 2,4 milyon insanın əlavə humanitar yardıma ehtiyac duyacağını, lakin qışa hazırlıq planının yalnız 40 faizinin maliyyələşdirilə bildiyini qeyd edib.

Qış yardımı planının ən çox risk altında olan 970 mindən çox insana çatmağı hədəflədiyini vurğulayan Yəhya təxminən 200 min məcburi köçkünün və geri qayıdan insanın soyuqdan kifayət qədər qorunmayan zədələnmiş sığınacaqlarda yaşadığını bildirib.

Yəhya “Son zamanlar müşahidə olunan güclü yağışlar və qəfil daşqınlar vəziyyəti daha da ağırlaşdırıb. Yüzlərlə sığınacaq və ev su altında qalıb, bir çox mühüm körpü dağılıb və əkin sahələri məhv olub” deyə bildirib.

Suriya üçün ümumi humanitar yardım çağırışının da yalnız üçdəbirinin maliyyələşdirildiyini deyən Yəhya beynəlxalq ictimaiyyəti humanitar yardımların maliyyələşdirilməsini davam etdirməyə çağırıb.

Yəhya suriyalı mülki şəxslərin daha artıq qeyri-sabitliyə dözə bilməyəcəyini qeyd edib.