SİYASƏT
2 dəqiqə oxuma
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
Finlandiya prezidenti A.Stubb Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında əməkdaşlığın dərinləşdirilməsinə çağırış edib
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb / Anadolu Agency (Wire)

Finlandiya Prezidenti Aleksandr Stubb noyabrın 17-də Brüsseldə keçirilən Aİ-nin Genişlənmə Forumunda iştirak edib. Tədbirdə çıxış edən A.Stubb Avropa İttifaqı ilə Türkiyə arasında daha dərin əməkdaşlığın qurulmasının zəruriliyini qeyd edib. O, rəsmi Ankaranı “mühüm” Avropa təhlükəsizlik aktoru və “əvəzolunmaz” NATO müttəfiqi adlandırıb.

Prezident A.Stubb prioritetlərin üst-üstə düşdüyü istiqamətlərdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibiyyətinə toxunub.

“Mühüm Avropa təhlükəsizlik aktoru və əvəzolunmaz NATO müttəfiqi olan Türkiyə barədə də açıq danışmalıyıq”, – deyə bildirən A.Stubb Aİ ilə Türkiyə arasındakı əməkdaşlığın və maraqların bir araya gəldiyi bütün sahələrdə “dərinləşə biləcəyini və dərinləşməli olduğunu” xüsusi qeyd edib.

Türkiyədə fəaliyyət göstərən 3.500-dən çox şirkəti ilə sürətlə böyüyən müdafiə və aviasiya sənayesi formalaşdırıb. Bununla da ölkə getdikcə daha önəmli silah istehsalçısına və ixracatçısına çevrilib.

Avropanın üzləşdiyi daha genişmiqyaslı çağırışlara toxunan A.Stubb böyük güclər arasındakı rəqabətə, qitədə gedən müharibəyə, texnoloji qarşıdurmaya və artan qeyri-müəyyənliyə diqqət çəkib.

Aİ-nin genişlənməsinin bu çağırışlara qarşı strateji cavab olduğunu deyən A.Stubb İttifaqı “ən uğurlu xarici siyasət aləti” kimi dəyərləndirdiyi bu mexanizmdən yararlanmağa çağırıb.

“Avropa İttifaqının malik olduğu ən uğurlu xarici siyasət alətindən səmərəli istifadə etməliyik”, – deyə A.Stubb qeyd edib.

O, genişlənmənin sadəcə texniki bir proses deyil, “strateji, geosiyasi bir alət” kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb: “Bəli, güc həm də böyüklüklə bağlıdır. Aİ nə qədər böyük olarsa, qlobal miqyasda bir o qədər çox güc nümayiş etdirə bilərik”.

 

Avropa “böyük düşünməlidir”

Avropanın “oyandığını”, “yenidən silahlandığını” və “geosiyasi aktora” çevrildiyini deyən A.Stubb Aİ-yə üzv dövlətləri və namizəd ölkələri İttifaqın gələcəyi barədə iddialı düşünməyə dəvət edib.

A.Stubb deyib: “Genişlənmə yaradıcı, çevik və mərhələli inteqrasiya ilə birləşdikdə, yenidən dövrümüzün əsas strateji layihələrindən birinə çevrilməlidir”.

MƏNBƏ:TRT