İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki Şeyx İsa aviabazasında yerləşən ABŞ hərbi radar sistemini pilotsuz uçuş aparatı (PUA) hücumu ilə hədəf aldığını irəli sürüb. Bəhreyn rəsmiləri isə mümkün təhdidə qarşı təhlükəsizlik xəbərdarlığı ediblər.
İranın rəsmi yayım qurumu IRIB tərəfindən noyabrın 17-də verilən açıqlamada SEPAH döyüş PUA-larının günün erkən saatlarında sözügedən radar sisteminə qarşı “dəqiq əməliyyat” həyata keçirdiyini bildirib.
Sözügedən qurum hücumun ABŞ-yə məxsus hərbi PUA-ların İran hava məkanını təkrar-təkrar pozmasına cavab tədbiri olduğunu ifadə edərək gələcək pozuntuların və İrana hücum etmək üçün regional bazalardan istifadənin “cavabsız qalmayacağı” barədə xəbərdarlıq edib.
ABŞ və ya Bəhreyn rəsmilərindən radar sisteminə edildiyi iddia olunan hücum və ya baş verə biləcək hər hansı ziyanla bağlı hələlik təsdiq xəbəri gəlməyib.
Bəhreyn Daxili İşlər Nazirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq vətəndaşları və ölkədə yaşayan şəxsləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz əraziyə keçməyə və prosesləri rəsmi kanallar vasitəsilə izləməyə çağırıb. Nazirlik sözügedən mümkün təhdidin xarakteri və ya mənbəyi barədə təfərrüat açıqlamayıb.
Bu xəbərdarlıq Bəhreynin hava hücumundan müdafiə sistemlərinin İran mənşəli bir sıra hava hücumlarını hədəflərinə çatmadan zərərsizləşdirdiyini açıqladığı noyabrın 15-də oxşar xəbərdarlıqların ardınca gəlib.























