Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Şurası çərçivəsində Belçikanın paytaxtı Brüsseldə keçirilən Regionlararası Təhlükəsizlik və Bağlantılılıq üzrə İkinci Nazirlər Toplantısından sonra açıqlama verib.
Toplantının mövzusu və nəticələri baxımından çox mühüm olduğunu vurğulayan Fidan bağlantılılıq məsələlərində təkcə strategiya hazırlamaqla kifayətlənməyib, bunu həyata keçirmək üçün konkret addımlar atılmasının vacibliyinə diqqət çəkib.
Nazir Fidan Aİ üzvləri ilə Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bir araya gəldiklərini bildirərək bu regionlarda və ondan kənarda bağlantılılığın necə reallaşdırıla biləcəyinin, eləcə də ticarət, enerji və məlumat ötürülməsinin necə daha səmərəli və fasiləsiz ola biləcəyinin müzakirə edildiyini deyib.
Hörmüz boğazı, Babülməndəb boğazı və Qara dənizdə müharibə və böhranlar səbəbindən yaranan tıxaclardan dərs çıxarılaraq bağlantılılığın necə inkişaf etdirilə biləcəyinin nəzərdən keçirildiyini söyləyən Fidan Türkiyənin Avropa, Qara dəniz, Qafqaz və Mərkəzi Dəhliz marşrutundakı Mərkəzi Asiya üçün ortaq mövqe kimi ön plana çıxdığını vurğulayıb.
Fidan “Türkiyənin buradakı mərkəzi rolu, əlbəttə ki, hamı tərəfindən alqışlanır. Biz bu rola uyğun məsuliyyət götürərək həm həll yolları təklif etməli, həm də ona liderlik etməliyik. Bu gün də əslində etdiyimiz məhz bu idi, bu toplantı bunun üçün çox yerində bir görüş oldu” deyə bildirib.
Toplantı çərçivəsində Ukrayna, Almaniya, Litva, Danimarka, Bolqarıstan, Rumıniya və Moldovadan olan rəsmilərlə görüşdüyü barədə məlumat verən Fidan “Hazırda Qara dənizdə davam etdirdiyimiz bir danışıqlar trafiki var. Xüsusilə taxılın yenidən dünya bazarlarına necə çıxarıla biləcəyinin axtarışındayıq. Həm Ukrayna, həm də Rusiya tərəfi ilə danışırıq. Bu məsələni həm avropalı tərəfdaşlarımızla, həm də ukraynalı dostlarımızla bir qədər müzakirə etdik” ifadələrini işlədib.
Rusiya ilə Ukrayna arasındakı danışıqlar
Nazir Hakan Fidan Rusiya–Ukrayna müharibəsinə son qoymaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya, ABŞ və Ukrayna arasında aparılan müzakirələrdən sonra gəlinən nöqtəyə dair sualı da cavablandırıb.
Türkiyənin də eyni formata dəfələrlə ev sahibliyi etdiyini və tərəflərlə görüşdüyünü xatırladan Fidan “Məsələnin mahiyyətinin hələ də həll olunmadığını görürük. İlk növbədə bunu ictimaiyyətə çatdırmağı özümə borc bilirəm” deyib.
Fidan Rusiyanın Donbas bölgəsinin qalan hissəsini istədiyini və öz sərhəd anlayışı daxilində saxladığını, Ukraynanın isə vətən torpağı kimi gördüyü bu ərazini vermək istəmədiyini bildirərək məhz bu hissənin müharibənin davam etməsinə səbəb olduğunu qeyd edib.
“Rusların dediyinə görə 11-12 faizlik, ukraynalılara baxsanız 18 faizlik bir bölgə, hazırda geridə qalan hissədir. İndi buradan kənar məsələlər bir qədər müzakirə olunur” deyən Fidan sülh sazişi əldə olunacağı təqdirdə Rusiya ilə Ukrayna arasındakı təmas xəttinin harada yerləşəcəyinin müəyyən edilməsinin böyük əhəmiyyət daşıdığını və bunun ən mühüm hissəsinin Donbas məsələsi olduğunu vurğulayıb.
Fidan tərəflərin təhlükəsizlik zəmanətləri ilə bağlı gözləntilərinin də vacib məsələ olduğunu diqqətə çatdırıb.
Rusiya ilə Ukrayna arasında bağlanacaq sülhün təkcə iki ölkə arasında deyil, Avropa ilə Rusiya arasında bir sülh olacağını da dilə gətirən Fidan Avropa ilə Rusiya arasındakı bu yeni təhlükəsizlik və sülh əsaslarınınn açıq şəkildə müzakirə edilməsinin zəruriliyini vurğulayıb.
Fidan deyib: “Tərəflər son vaxtlara qədər bu məsələdə kartlarını çox da açmamışdılar. Müəyyən niyyətlər ifadə edirdilər, “belə olsun, elə olsun” deyirdilər, amma indi artıq yavaş-yavaş bu mövzuları konkret şəkildə müzakirə etmək vaxtıdır. Yeni Avropa təhlükəsizlik əsasları, Rusiya və Avropa qarşıdurmasını mərkəzdə saxlayan və bu münaqişəni dayandırmağı hədəfləyən yeni təhlükəsizlik əsasları necə olacaq?”
Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələlərlə illərdir yaxından məşğul olduğu üçün zəngin təcrübəyə malik olduğunu və Türkiyənin tərəflərə təkliflər təqdim etdiyini vurğulayan Fidan “Əsas etibarilə təmas xəttinin müəyyənləşdirilməsi, Donbas probleminin həlli, daha sonra təhlükəsizlik zəmanətləri və Avropa-Rusiya arasındakı yeni təhlükəsizlik əsasları, əlbəttə ki, Ukrayna yenidən dirçələrkən sanksiyaların nə olacağı, rusların dondurulmuş aktivlərinin aqibəti kimi bir sıra problemlər var” deyə bildirib.
H.Fidan danışdığı məsələlərin hazırda müzakirə olunan razılaşmanın məzmununu və maddələrini təşkil etdiyini qeyd edərək “Bütün bunların hamısında tərəflərin hamısını razı salacaq şəkildə anlaşmaq da təsdiq edərsiniz ki, olduqca çətin məsələdir” deyib.
Qara dənizdə gəmiçilik təhlükəsizliyi
Bunlar davam edərkən Qara dənizdə gəmiçilik təhlükəsizliyinin necə təmin ediləcəyinin mühüm məsələ olduğuna diqqət çəkən Fidan yoxsul ölkələrin ehtiyacı olan buğdanı bazarlara necə çıxara biləcəkləri üzərində işlədiklərini və bununla bağlı bəzi təkliflər irəli sürdüklərini söyləyib.
Xarici işlər naziri Fidan sözlərinə davamla deyib: “Bu gün də əslində həmin təkliflərin müəyyən bir hissəsini tamamlamış olduq. Çünki bu, bir qədər Qara dənizdə yerləşən Bolqarıstanı, Rumıniyanı da maraqlandırır. Bu gün həm Bolqarıstan, Rumıniya, həm də ukraynalı dostlarımızla bir araya gəldik. Ötən günlərdə isə ruslarla görüşmüşdük. Ümid edirəm ki, beynimizdəki formul bir yerə çatar və bunu həll edərik. Çətin tənlikdir, çünki ruslar daimi sülh sazişi olmadan ukraynalılarla Qara dənizdə müvəqqəti razılaşma istəmirlər. Buna görə də belə bir istəksizliyin olduğu yerdə tərəflərin üzərində razılaşa biləcəkləri bir zəmini necə yarada bilərsiniz? Bununla bağlı fikirlərimiz var, amma hazırda ictimaiyyətlə bölüşmək üçün tezdir, aidiyyəti tərəflərlə paylaşırıq. Sabah, biri gün ümid edirəm ki, həyata keçərsə, təbii ki, ictimaiyyətlə də bölüşərik”.























