"Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib ki, Akkuyu Atom Elektrik Stansiyasının (AES) birinci reaktoruna yaxın vaxtlarda nüvə yanacağının yüklənməsinə başlanılacaq və stansiyada istehsal olunan ilk elektrik enerjisinin 2027-ci ildə Türkiyənin enerji şəbəkəsinə verilməsi gözlənilir.
A.Lixaçov bu barədə Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan "Dünya Nüvə Günləri" tədbirində danışıb. O, çıxışında Akkuyu AES-dəki hazırlıq işlərini, layihə üzrə danışıqları və yeni əməkdaşlıq perspektivlərini qiymətləndirib.
Layihənin cari vəziyyəti barədə məlumat verən Lixaçov bildirib ki, hazırda birinci enerji blokunda isti sınaqlara başlamaq üçün müvafiq icazə gözlənilir. Onun sözlərinə görə, bu mərhələdə nüvə yanacağı istisna olmaqla, blokun bütün avadanlıqları normal iş rejimində sınaqdan keçiriləcək.
Türkiyənin 2050-ci ilə qədər nüvə enerjisi gücünü 20 giqavatta çatdırmaq hədəfinə də toxunan "Rosatom" rəhbəri vurğulayıb ki, bu göstərici Türkiyə kimi sürətlə inkişaf edən iqtisadiyyat üçün son hədd deyil. O, rəhbərlik etdiyi qurumun bu istiqamətdə Ankaraya dəstək verməyə hazır olduğunu deyib.
"Biz artıq Mersindəki layihə üzərində işləyirik, kadr hazırlığı aparırıq və yeni ərazilərdə hansı formatda iştirak edə biləcəyimizi müəyyənləşdirmək üçün Türkiyə hökuməti ilə sıx əməkdaşlıq edirik",-deyə A.Lixaçox qeyd edib.




















