Şərhlər
ŞƏRHLƏR
4 dəqiqə oxuma
Prezident R.T. Ərdoğan BMT kürsüsündən dünyaya müraciət edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
Prezident R.T. Ərdoğan BMT kürsüsündən dünyaya müraciət edəcək
Prezident R.T. Ərdoğan BMT kürsüsündən dünyaya müraciət edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Baş nazir olduğu dövrdə — 2005-ci ildə BMT-nin 60-cı Baş Assambleyasındakı ilk çıxışında təşkilatın daha demokratik, şəffaf və ortaq iradəni əks etdirən quruma çevrilməsinin vacibliyini vurğulayıb.

R.T.Ərdoğan çıxışında qeyd edib ki, BMT dünya sülhü üçün daha aktiv və qətiyyətli fəaliyyət göstərməlidir. O, bunun bütün bəşəriyyətin maraqlarına xidmət edəcəyini bildirib.

Terrora qarşı mübarizəyə xüsusi diqqət çəkən dövlət başçısı dünyanın harasında baş verməsindən asılı olmayaraq hər bir terror aktının insanlığa qarşı cinayət olduğunu qeyd edib. Terrorun acı nəticələrini şəxsən yaşamış bir ölkənin rəhbəri kimi Ərdoğan bütün bəşəriyyəti bu təhlükəyə qarşı daha güclü həmrəyliyə və əməkdaşlığa çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın illər ərzində BMT Baş Assambleyasında səsləndirdiyi fikirlər Türkiyənin xarici siyasətini və qlobal məsələlərə baxışını əks etdirən mühüm bir sənəd xarakteri daşıyır. 2009-cu ildə BMT-nin 64-cü Baş Assambleyasında çıxış edən Ərdoğan təşkilatda struktur islahatlarının aparılmasının vacibliyini qeyd edərək, ədalətli qlobal nizamın qurulması üçün BMT-nin effektivliyinin artırılmalı olduğunu bildirmişdi. O, demokratik və şəffaf BMT-nin qlobal sülhə daha çox töhfə verəcəyini vurğulamışdı.

2011-ci ildə keçirilən BMT-nin 66-cı Baş Assambleyasında regional məsələlərə toxunan Ərdoğan Suriya, Liviya, Somali və Fələstinlə bağlı mesajlar verib, eyni zamanda illərdir davam edən Azərbaycan ərazilərinin ədalətsiz işğalına son qoyulmalı olduğunu bildirib. O qeyd edib ki, Qarabağ məsələsinin həll olunmaması qətiyyən qəbuledilməzdir.

"Dünya beşdən böyükdür" çağırışı

Prezident Rəcəb Tayyib Ərdoğanın BMT tarixindəki ən sərt çıxışlarından biri 2014-cü ildə səsləndirdiyi "Dünya beşdən böyükdür" mesajı olub.

Ərdoğan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqlarına tabe olan mövcud qlobal sistemin Fələstin və Suriyadakı kimi ağır böhranlar qarşısında tamamilə təsirsiz qaldığını vurğulayıb. O, bu tarixi bəyanatı sayəsində qlobal sistemin dəyişdirilməsi ilə bağlı müzakirələri başladan lider olub.

Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışlarında təşkilatın ədalətsizliklərə qarşı passiv mövqeyini sərt şəkildə tənqid edib və terrorla mübarizədə qətiyyətli addımların atılmasını tələb edib. 2016-cı il iyulun 15-də həyata keçirilən uğursuz çevriliş cəhdindən qısa müddət sonra keçirilən 71-ci BMT Baş Assambleyasında çıxış edən Ərdoğan dünyanı FETÖ təhlükəsinə qarşı məlumatlandırıb. O, bu terror təşkilatının təkcə Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi ölkələr üçün də ciddi təhlükəsizlik təhdidi olduğunu vurğulayıb. Dövlət başçısı həmçinin DEAŞ və PKK-ya qarşı qlobal mübarizənin vacibliyini diqqətə çatdırıb. 2018-ci ildə baş tutan 73-cü BMT Baş Assambleyasında çıxış edən Türkiyə lideri təşkilatın bəşəriyyətin sülh gözləntilərini qarşılaya bilmədiyini bildirib və Təhlükəsizlik Şurasının yalnız veto hüququna malik beş üzvün maraqlarına xidmət etdiyini qeyd edib. Bosniya, Ruanda, Myanma və Fələstində baş verən faciələrin BMT-nin gözü qarşısında törədildiyini vurğulayan Ərdoğan Türkiyənin hər zaman məzlum fələstinlilərin yanında olacağını və Qüdsün tarixi statusunu qətiyyətlə müdafiə edəcəyini bəyan edib.

Prezident Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə BMT-dəki çıxışında qeyri-qanuni miqrasiya böhranının simvoluna çevrilmiş körpə Aylanın fotosunu nümayiş etdirərək dünya liderlərinə səslənib. O, dənizlərdə və sərhədlərdə həyatını itirən milyonlarla məzlum insanın taleyinin çox tez unudulduğunu vurğulayaraq deyib: "Unutmayın ki, bir gün eyni vəziyyət sizin də başınıza gələ bilər. Çünki yalnız bir deyil, minlərlə, milyonlarla körpə Aylan var və bütün bunlara qarşı təcili tədbir görülməlidir". Ərdoğan bu çıxışında həmçinin İsrailin Fələstində törətdiyi hücumlara və humanitar böhrana diqqət çəkərək qlobal ictimaiyyəti ədalətə və vicdanlı olmağa çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin illər ərzində genişlənən ərazilərinin xəritəsini nümayiş etdirərək beynəlxalq hüququn kobud şəkildə pozulduğunu və Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını sərt şəkildə tənqid edib. Fələstin torpaqlarının necə kiçildiyini göstərən Türkiyə lideri BMT-nin bu ədalətsizliklər qarşısında təsirli addımlar atmadığını diqqətə çatdırıb.

Türkiyənin təkcə tənqid edən deyil, həm də qlobal böhranların həllinə töhfə verən lider rolunu oynadığını vurğulayan Ərdoğan Rusiya-Ukrayna müharibəsi dövründə İstanbul Sazişi ilə həyata keçirilən Qara Dəniz Taxıl Dəhlizini xatırladıb. O, bu təşəbbüsü BMT-nin son illərdəki ən böyük nailiyyətlərindən biri adlandıraraq beynəlxalq diplomatiyanın real nəticələr verə biləcəyini sübut etdiyini bildirib.

Regional məsələlərə toxunan Ərdoğan dünya dövlətlərini Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağa və əlaqələr qurmağa dəvət edib, həmçinin BMT sülhməramlılarının neytrallıq prinsipinə sadiq qalmalı olduğunu vurğulayıb. Qarabağın Azərbaycan torpağı olduğunu qəti şəkildə bəyan edən Türkiyə lideri Ermənistanın Zəngəzur dəhlizinin açılması istiqamətində verdiyi vədləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında beynəlxalq ictimaiyyəti İsrailin hücumlarına qarşı qətiyyətli addımlar atmağa və Fələstin dövlətini tanımağa çağırıb. 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının artıq təxirəsalınmaz zərurət olduğunu vurğulayan Türkiyə lideri bəşəriyyətin hərəkətə keçməsinin vacibliyini bildirib. O, "Hitler necə ki insanlıq ittifaqı tərəfindən dayandırılmışdı, Netanyahu və onun cinayətkar şəbəkəsi də eyni şəkildə dayandırılmalıdır" deyərək qlobal qurumların bu məsələdəki məsuliyyətini xatırladıb.

BMT-nin öz əsas missiyasını yerinə yetirə bilmədiyini və getdikcə funksionallığını itirdiyini qeyd edən Ərdoğan "Dünya beşdən böyükdür" şüarının əhəmiyyətinə bir daha diqqət çəkib. Türkiyə liderinin Qəzzadakı böhranla bağlı bu sərt və qətiyyətli çağırışları dünya mətbuatında geniş əks səda doğurub.

Bütün diqqətlər yenidən Prezident Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışına yönəlib.

Kipr məsələsindən Şərqi Aralıq dənizinə, islamofobiyadan qlobal iqlim böhranına qədər bir çox mühüm mövzunu gündəmə gətirən Türkiyə lideri dünyanın yaşadığı həssas proseslərə qarşı irəli sürdüyü həll yollarını beynəlxalq ictimaiyyətlə bölüşəcək. Ərdoğan Nyu-Yorka səfəri çərçivəsində həmçinin dünya liderləri ilə vacib ikitərəfli görüşlər keçirəcək.