ABŞ ordusu noyabrın 18-də Hörmüz boğazında yerləşən Qeşm adasına zərbələr endirib. İranın rəsmi İRNA agentliyinin məlumatına görə, adada beş-altı partlayış səsi eşidilib. Hörmüzqan əyalətinin rəsmisi Əhməd Nəfisi hücum faktını təsdiqləsə də, yaşayış məntəqələrinə, ticarət sahələrinə və ya infrastruktura zərər dəymədiyini bildirib. Onun sözlərinə görə, adada vəziyyət nəzarət altındadır və bütün müvafiq qurumlar tam hazır vəziyyətə gətirilib.
Bu hadisədən bir qədər əvvəl İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki Şeyx İsa aviabazasındakı radar sistemini pilotsuz uçuş aparatları (PUA) ilə vurduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın sonlarında Yaxın Şərqdə münaqişə başlayandan bəri Tehran dünya neftinin təxminən 20 faizinin daşındığı Hörmüz boğazında gəmilərin hərəkətini məhdudlaşdırır. İran tərəfi boğazdan icazəsiz keçən gəmiləri mütəmadi olaraq hədəf alır. ABŞ buna cavab olaraq İran limanlarına dəniz blokadası tətbiq edərək tankerlərin təhlükəsiz keçidinə şərait yaradıb.
Bölgədə mina gərginliyi də davam edir. İran silahlı qüvvələri çərşənbə axşamı boğazdan keçməyə çalışan üç neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb. ABŞ ordusu isə bu yaxınlarda bütün əsas tranzit yollarının minalardan təmizləndiyini bildirib. Bölgədəki əməliyyatlara rəhbərlik edən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yaydan bəri Körfəz ölkələrinə Hörmüz boğazı vasitəsilə 1,5 milyard barel neft ixrac etməyə dəstək verdiyini bəyan edib.




















